AHİK-in 30 illiyi münasibətilə növbəti zona konfransı Sumqayıtda keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransını Sumqayıt şəhərində keçirib. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Abşeron, Laçın, Füzuli, Qubadlı rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. 

Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. 

Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. 

ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun moderatorluğu ilə keçirilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. 

Sonra konfransda ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev, Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov və başqaları çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar.  

Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.  

 

Bizimlə əlaqə

+994 12 5391441

atu-thik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo