Heydər Əliyev Fondunun Şərqi Zəngəzur və Qarabağda məscidlərimizin bərpası istiqamətində gördüyü işlər çox əhəmiyyətlidir
“İşğaldan azad olunmuş ərazilərimizin – Şərqi Zəngəzurun və Qarabağın bərpası istiqamətində kompleks tədbirlər görülür. Demək olar ki, yalnız dövlətimizin maliyyə imkanları hesabına, heç bir kənar maliyyə dəstəyi olmdan yeni şəhər və kəndlər salınır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun, minlərlə kilometr avtomobil yolunun çəkilməsi, həmçinin abadlıq-quruculuq işləri çərçivəsində icra olunan digər layihələr ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir. Baxmayaraq ki, son illər məlum səbəblərdən dünyada bütün sahələrdə ağır böhran yaşandı və bu gün də onun fəsadları tam aradan qaldırılmayıb. Amma ölkəmizin sahib olduğu iqtisadi imkanlar, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı kompleks tədbirlər sayəsində Azərbaycan bu sınaqlardan üzüağ çıxdı. Bunun bariz nümunəsi özünün maliyyə imkanları hesabına dövlətimiz tərəfindən qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərdir. Təkcə 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları, həmçinin Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və yeni yaşayış kompleksinin təməllərinin qoyulması burada aprılan kompleks tədbirlərin miqyasını və əhəmiyyətini göstərir. Ən vacib məqamlardan biri, təbii ki, doğma yurdlarına qayıdacaq sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan Ağdam Sənaye Parkının əhəmiyyətinin miqyası çox böyükdür. Sənaye Parkı ümumilikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında, sahibkarlığın genişləndirilməsində mühüm rol oynayacaq. Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait mövcuddur, onlara hərtərəfli dövlət dəstəyi göstərilir. İşğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdamda onların səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılır. Bütün bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinə daha da güc qatacaq”.

“Mən işğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi olaraq vurğulamaq istərdim. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlayıb və burada aparılan digər işlərə mühüm töhfələr verir. Ağdam Cümə məscidinin bərpa-restavrasiyasını da Fond həyata keçirir. Yaxın vaxtlarda bu məscidin də əvvəlki tarixi görkəmi özünə qaytarılacaq, burada olan erməni vandallığının bütün izləri aradan qaldırılacaq. Qeyd edim ki, işğal dövründə ən çox dağıntılara məruz qalan ərazimizdən biri Ağdam rayonu olub. Bura, demək olar ki, xarabalığa çevrilmişdi. Artıq bu gün dövlətimiz tərəfindən aparılan yenidənqurma və bərpa işləri sayəsində rayonun mənzərəsi dəyişməkdədir. İnanırıq ki, yaxın gələcəkdə rayonun bərpası tamamilə yekunlaşacaq və Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevriləcək”, – Milli Məclisin deputatı bildirib.

Bizimlə əlaqə

+994 12 5391441

atu-thik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo