“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”.
S.Möhbalıyev qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.
ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətindən danışan S.Möhbalıyev vurğulayıb ki, Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur: “Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.
S.Möhbalıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tədbirlər planı hazırlayıblar.
Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Bizimlə əlaqə

+994 12 5391441

atu-thik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo